İyulun 6-da Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə telefon danışığı aparıb. Bu barədə ER XİN məlumat yayıb.
Həmsöhbətlər regionda təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Ararat Mirzoyan fransalı həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələri təqdim edib.
Əsas məsələlərə, xüsusilə də Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası, beynəlxalq mexanizm çərçivəsində Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizlik məsələlərinin həlli, eləcə də regionda iqtisadi və nəqliyyat yollarının açılması ilə bağlı məsələlərə toxunulub.
Nazir Mirzoyan problemlərin güc və ya güc tətbiq etməklə hədələmə yolu ilə həllinin yolverilməzliyini, Azərbaycanın təcavüzkar hərəkətlərdən və təxribat xarakterli ritorikadan çəkinməsinin vacibliyini vurğulayıb.
Laçın dəhlizinin qanunsuz bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranın aradan qaldırılması və Azərbaycan tərəfindən etnik təmizləməyə yönəlmiş növbəti hərəkətlərin qarşısının alınması üçün beynəlxalq səylərin zərurəti vurğulanıb.