TRIPP layihəsi yalnız dəmir yollarını deyil, həm də boru kəmərlərini, yolları, kabelləri və elektrik xətlərini əhatə edəcək. Bunu Nikol Paşinyan deyib.
“Elektrik xətlərinin TRIPP çərçivəsində istifadəyə veriləcək ilk infrastruktur olma ehtimalı yüksəkdir, çünki birincisi, texniki baxımdan onu tez bir zamanda həyata keçirmək nisbətən asandır, ikincisi, dünyada elektrik enerjisinə artan tələbat bizi regiondan elektrik enerjisi ixracı layihələrinə daha çox diqqət yetirməyə məcbur edir”, - deyə o bildirib.
Baş nazirin sözlərinə görə, Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişi ratifikasiya prosesindədir.
“TRIPP İnkişaf Şirkətinin yaradılması üzrə işlər son mərhələdədir. Xatırlatmaq istəyirəm ki, Ermənistan həmin şirkətdə 26 faiz paya, ABŞ isə 74 faiz paya sahib olacaq. Bu formula ən azı 49 il müddətində qüvvədə olacaq və həmin müddətdən sonra tərəflərin qarşılıqlı razılığı ilə uzadılacağı təqdirdə daha 50 il müddətinə qüvvədə olacaq. Bu halda, Ermənistan Respublikasının payı 49 faiz, ABŞ-ın payı isə 51 faiz olacaq və Ermənistan Respublikasından əlavə maliyyə və ya digər investisiya qoyulmayacaq”, - deyə Baş nazir bildirib və vurğulayıb ki, TRIPP heç bir xarici hərbi və ya silahlı iştirakı nəzərdə tutmur.