ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan jurnalistlərlə keçirdiyi brifinqdə Azərbaycanla danışıqlar məsələsinə toxunub. O qeyd edib ki, danışıqların konkret nə vaxt keçiriləcəyi hələ müəyyən edilməyib.
“Tərəflər arasında ilkin razılaşma var, lakin hər şey, o cümlədən danışıqların başlanğıcı, günü, bütün digər elementləri hələ danışıqlar mərhələsindədir" – deyə xarici işlər nazirinin müavini bildirib.
Qoşunların güzgü variantında çıxarılması halında delimitasiyanın mümkünlüyünə gəlincə, Paruyr Hovhannisyan qeyd edib ki, məsələ müzakirə olunur.
“Müzakirələr başlayıb. Bu təklif masadadır, bir sıra beynəlxalq tərəfdaşlarımız bu təkliflə bağlı öz müsbət mövqelərini bildiriblər. Nə olacağını danışıqlar zamanı görəcəyik”- deyə o qeyd edib.
Ermənistan tərəfinin artıq qoşunların güzgü variantında geri çəkilməsi məsələsinin qaldırmaması ilə bağlı müşahidəyə toxunan nazir müavini qeyd edib ki, bu məsələ ilə bağlı mövqe dəyişməzdir.
"Danışıqlar prosesi məxfidir. Biz danışıqlar masasında deyilik. Mən də danışıqlar qrupunun üzvü deyiləm, amma bir şeyi deyə bilərəm ki, baş nazirin bir neçə dəfə bəyan etdiyi kimi, bu məsələ ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır”- deyə Paruyr Hovhannisyan bildirib.