4 avqustda ER xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Nayrobidə BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının icraçı katibi Astrid Şumeyker ilə görüşüb. ER XİN-dən verilən məlumata görə, görüşdə oktyabr ayında Yerevanda keçiriləcək Tərəflərin 17-ci Konfransına (COP17) hazırlıq işləri müzakirə olunub.
Həmsöhbətlər biomüxtəliflik gündəliyinə siyasi təkan vermək və konfransın nəticələrini möhkəmləndirmək üçün Liderlər Zirvəsində və yüksək səviyyəli nazirlər seqmentində yüksək səviyyədə iştirakın təmin edilməsinin vacibliyini vurğulayıblar.
Həmçinin, Nayrobidə keçirilən Bioloji Müxtəliflik Konvensiyasının köməkçi orqanları, Elmi, Texniki və Texnoloji Məsləhət üzrə Köməkçi Orqan (SBSTTA-28) və Tətbiq üzrə Köməkçi Orqan (SBI-7) sessiyaları çərçivəsində aparılan danışıqlar və işlər barədə fikir mübadiləsi aparıblar.
Xarici işlər nazirinin müavini Robert Abisoğomonyan konfransın keçirilməsində Ermənistan sədrliyinin prioritetlərini təqdim edib və Ermənistanın bütün maraqlı tərəflərin tam iştirakı ilə inklüziv və nəticəyönümlü konfransın təmin edilməsinə sadiqliyini bir daha təsdiqləyib.
Görüşdə Ermənistan Respublikasının ətraf mühit nazirinin müavini Aram Meimaryan da iştirak edib.