Ermənistan Respublikasının səfiri Qriqor Hakobyan İran İslam Respublikasının yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yolları Şirkətinin baş direktoru Cəbərəli Zakəri ilə görüşüb. Bu barədə Ermənistan Respublikasının İrandakı səfirliyindən məlumat verilib.
Tərəflər Ermənistan və İran dəmir yolu şəbəkələrinin infrastrukturları və mövcud imkanlarını müzakirə ediblər.
Səfir Hakobyan həmsöhbətinə regional əlaqələrin açılması istiqamətində müzakirə olunan yanaşmaları təqdim edib, Ermənistan ərazisindən kommunikasiyaların inkişaf etdirilməsi, nəqliyyat əlaqələrinin səmərəliliyinin artırılması və regional iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını vurğulayıb.
Görüşdə həmçinin “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” (TRIPP) layihəsinə toxunulub. Ermənistan səfiri həmin proqramın əsas prinsiplərini və yanaşmalarını, o cümlədən Ermənistan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət, eləcə də regional əlaqələrin açılması və iqtisadi əməkdaşlığın təşviqi kontekstində nəzərdə tutulan mexanizmləri təqdim edib.