Polşanın baş naziri Donald Tusk NATO liderlərini ölkənin hava məkanının pozulması və vurulan pilotsuz uçuş aparatları barədə məlumatlandırıb. Daha sonra hökumət başçısı bildirib ki, “təhdid edən” PUA-lar vurulub. “Əməliyyat davam edir” deyən o, bu barədə NATO-nun baş katibi Mark Rutteni məlumatlandırdığını bildirib.
Bunun fonunda Polşa silahlı qüvvələrinin operativ komandanlığı Polşa və müttəfiqlərinin aviasiyasının ölkənin hava məkanında fəaliyyət göstərdiyini, yerüstü hava hücumundan müdafiə və radar sistemlərinin ən yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib.
Reuters qeyd edir ki, bu, Rusiya ilə Ukrayna arasında münaqişə başlayandan bəri ilk dəfədir ki, Polşa öz hava məkanında hava hücumundan müdafiə sistemlərindən istifadə edir. Agentlik ABŞ Federal Aviasiya Administrasiyasına istinadən xəbər verir ki, Polşa hakimiyyəti dörd hava limanını bağlayıb.
Sentyabrın 9-dan 10-na keçən gecə bütün Ukrayna ərazisində hava həyəcanı elan olunub. Ukrayna Hərbi Hava Qüvvələri ölkənin müxtəlif bölgələrində, o cümlədən Volın, İvano-Frankovsk və Lvov vilayətlərində zərbə təhlükəsi barədə xəbərdarlıq edib.
Rusiya Müdafiə Nazirliyi zərbələrin yalnız Ukraynanın hərbi obyektlərinə və əlaqədar infrastruktura endirildiyini vurğulayıb.