ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Luis Bono gələn həftə regiona səfər edəcək.
Bunu Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə bildirib.
“Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini və bizim Gürcüstanın suverenliyi və ərazi bütövlüyününə davam edən sadiqliyimizi dəstəkləmək məqsədilə liderlərlə görüşməyi planlaşdırır. Qeyd etdiyim kimi o, səfər çərçivəsində Cənubi Qafqazın üç ölkəsinə gedəcək. O, ardıcıl olaraq Bakıya, Yerevana və Tbilisiyə səfər edəcək”, - deyə Ned Prays bildirib.
Yeni baş müşavir Luis Bononun dövlət katibi Entoni Blinken, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutmuş üçtərəfli görüşdə əldə edilmiş tərəqqini inkişaf etdirəcək.
Ned Prays keçirdiyi brifinqdə bildirib ki, ABŞ Azərbaycan və Ermənistanın sülh prosesində səmərli iştiraka dair son günlərdəki səylərindən ümidlənib.
“Bu üçtərəfli görüşün yekununda biz Azərbaycan və Ermənistanın sülh prosesində səmərəli iştiraka dair son günlərdəki səylərindən ümidlənmmişik. Cənab Bono bu vəzifəsində bu səyləri inkişaf etdirəcəyinə və tərəqqinin davam etdiyini görəcəyinə ümid edir. Bütün bu üç şəhərdə (Bakı, Yerevan, Tbilisi) cənab Bono ABŞ-ın Cənubi Qafqazın dinc, demokartik və firavan gələcəyinə sadiqliyini vurğulayacaq”, - deyə Ned Prays bildirib.