ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin siyasi həllini tapmaq üçün unikal mandatla yaradılmış beynəlxalq formatdır.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan avstriyalı həmkarı Aleksandr Şalenberqlə birgə mətbuat konfransında bildirib.
“Məsələnin həlli hələ tapılmayıb, biz danışıqları o formatda davam etdirməliyik. Bu formatın siyasi həllini tapmağın yolu və ya nəticələrindən biri ümumi, hərtərəfli sülh sazişinin parametrlərini dəqiqləşdirmək, işləyib hazırlamaq və imzalamaqdır”, - Mirzoyan bildirib.
Mirzoyan vurğulayıb ki, Minsk Qrupunun işləyib hazırladığı prinsipləri xatırlamaq çox vacibdir. Bunlardan biri də Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququdur.
“Prinsiplərdən biri də güc tətbiq etməmək idi, lakin bu prinsip 2020-ci ildə ciddi şəkildə pozuldu. İndi təkcə Ermənistan, Azərbaycan deyil, təkcə Dağlıq Qarabağ xalqı deyil, bütün dünya qərar verməlidir ki, gücdən istifadə etməmək dünyada fundamental prinsip olaraq qalırmı, yoxsa dövlətlər gücdən istifadə edərək vacib məsələləri və xalqların taleyini müəyyən edə biləcəklərmi?”,- nazir qeyd etdi.