2021-ci il noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında atəşkəs haqqında bəyanatın imzalanmasının ildönümünə təsadüf edən üçtərəfli danışıqlar keçiriləcək.
Məlumatı Kremlin mətbuat xidməti yayıb.
“Rusiya dövlət başçısının təşəbbüsü ilə keçiriləcək danışıqlarda üç ölkə liderinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrasına baxılması, o cümlədən regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır”,- deyə məlumatda deyilir.
Kremlin məlumatında o da qeyd olunub ki, Putinlə Nikol Paşinyan və İlham Əliyev arasında ayrıca danışıqlar da nəzərdə tutulur.
Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına xüsusi diqqət yetiriləcək.