Azərbaycan KİV-lərində Heydər Əliyevin Bakıdakı heykəlinin üzərinə yazı yazmasına görə həbs edilən azərbaycanlı siyasi fəal Bayram Məmmədovun Turkiyədə vəfat etməsi barədə xəbərlər yayılıb.
Yayılan xəbərləri Azərbaycanın rəsmi qurumları hələ təsdiq etməyib.
Məmmədovun dostları deyir ki, mayın 2-dən etibarən ictimai fəaldan xəbər ala bilməyiblər. Axtarış üçün polisə müraciət etdikdə isə onun ölüm xəbərini alıblar. Bayram Məmmədovun hansı şəraitdə dənizə düşdüyü hələ məlum deyil. Yalnız cəsədin fotosu polis tərəfindən dostlarına göstərilib və Bayram Məmmədov olduğu aydınlaşıb.
Türkiyədəki dostlar məsələnin təfərrüatını öyrənməyə çalışırlar, intihardı, yoxsa qəsd.
Xatırladaq ki, Bayram Məmmədov və Qiyas İbrahimov 9 may 2016-cı ildə, Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” və “Fuck the system” şüarları yazıldıqdan sonra həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib. Hər iki gənc beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb.
2019-cu il martın 16-da verilən əfv sərəncamı ilə azadlığa buraxılıblar. Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı.