Ukrayna silahlı qüvvələrinin Rusiya hədəflərinə hücumları Rusiya hava məkanını təhlükəli edir. Bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
“Bu gün Rusiya hava məkanından istifadə edən bütün aviaşirkətlərə, bütün sığortaçılara və Rusiyanın əsas hava limanlarından istifadə etməyə davam edənlərə xəbərdarlıq etmək istəyirik: Rusiya səması tamamilə təhlükəli hala gəlir”, - deyə Ukrayna lideri vurğulayıb. O, əlavə edib ki, Rusiya səmasında dronlar olacaq və bu nəzərə alınmalıdır.
“Rusiya hakimiyyəti bu barədə düzgün məlumat verməsə də, Rusiya səması faktiki olaraq bağlanacaq”, - deyə Zelenski qeyd edərək bildirib ki, Ukrayna mülki aviasiya üçün təhlükə yaratmır.
Vladimir Putin Zelenskinin Rusiya səmasının bağlanması ilə bağlı sözlərini “dövlət terrorizmi” adlandırıb. “Onlar şəxsi görüşlər istəyirlər, amma terrorçularla danışıqlar aparmırlar. “Biz buna cavab verməyin yollarını tapacağıq, lazımi vasitələri tapacağıq”, - deyə Rusiya Prezidenti yekunlaşdırıb.