Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində irəliləyiş gözlənilir. Bu barədə Azərbaycan xarici işlər naziri Bakıda rəsmi səfərdə olan İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis ilə birgə mətbuat konfransında bildirib.
“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində əlavə irəliləyiş gözlənilir və onun elementlərindən biri Vaşinqton Sülh Zirvəsi zamanı sənədə daxil edilmiş TRIPP layihəsidir”,- deyə diplomat qeyd edib.
Ceyhun Bayramov Ermənistanla sülh gündəliyinin birbaşa dialoq yolu ilə daha da irəlilədilməsinin vacibliyini vurğulayıb.
Kassis öz növbəsində Ermənistan və Azərbaycan arasında sülh prosesində qeydə alınan irəliləyişi alqışlayıb. O, davamlı sülhün artıq əlçatan olduğu fikrini bildirib.
Azərbaycan tərəfinin məlumatına görə, Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə sülh prosesi, təhlükəsizlik və mina təmizləmə məsələlərini müzakirə edib. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də fikir mübadiləsi aparılıb. İkitərəfli iqtisadi münasibətlərin əsas sütunlarından biri kimi enerji sektorunun rolu vurğulanıb.