İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqların 6 fevral səhəri Maskatda keçiriləcəyini təsdiqləyib. Əraqçi görüşün keçirilməsinə görə Omana təşəkkür edib.
Daha əvvəl mətbuatda görüşün formatı ilə bağlı fikir ayrılıqları səbəbindən danışıqların baş tutmayacağı barədə şayiələr yayılmışdı.
ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, danışıqların effektiv olması üçün nüvə məsələlərindən əlavə, İranın ballistik raketləri, Tehranın Yaxın Şərqdəki silahlı qruplaşmalara dəstəyi və öz xalqına qarşı rəftarı ilə bağlı məsələlər də daxil edilməlidir.
İran dəfələrlə ABŞ ilə yalnız nüvə proqramını müzakirə etməyə hazır olduğunu bildirib və ballistik raket proqramının danışıqlara daxil edilməsini qırmızı xətt hesab edir.
Xarici işlər naziri Abbas Əraqçinin İran tərəfində, ABŞ tərəfində isə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerin danışıqlarda iştirak edəcəyi gözlənilir.