ABŞ Konqresində Bakıya qarşı sanksiyaları nəzərdə tutan yeni qanun layihəsi hazırlanır. Bu barədə Meydan.tv Kyiv Post-un dərc olunmuş “Vaşinqton susduğu vaxtda Əliyev repressiyaları sərtləşdirir” adlı məqaləsinə istinadən yazıb.
Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri, Nyu-Cersi ştatından respublikaçı Kris Smit “2025 Azərbaycan Demokratiya Aktı” adlanan sanksiya paketini yaxın günlərdə təqdim edəcəyini açıqlayıb. Layihə korrupsiya və siyasi repressiyalarda adı hallanan yüksək vəzifəli Azərbaycan rəsmilərinə qarşı ABŞ-dakı aktivlərin dondurulmasını və viza qadağalarını nəzərdə tutur.
Kyiv Post-un əldə etdiyi ilkin sənəddə İlham Əliyevin təhlükəsizlik, məhkəmə və siyasi strukturlarında çalışan 35 yüksək vəzifəli şəxsin adı yer alır.
Qanun layihəsinin bir maddəsində qeyd edilir ki, ABŞ Prezidenti “Azərbaycanın demokratik institutlarını sarsıdan addımlardan şəxsi fayda götürən rəsmilərin bütün əmlak və mülkiyyət maraqlarını bloklamalıdır”.
Layihənin hazırlanmasında iştirak edən adının çəkilməsini istəməyən bir konqres əməkdaşı bildirib ki, Azərbaycan hakimiyyətinin son addımları “prosesə yanaşmanı dəyişib”.
“Əliyev Vaşinqtonun sükutunu yaşıl işıq kimi qəbul edir. Konqres isə bunun belə davam etməsini istəmir”, – deyə həmin əməkdaş vurğulayıb.
Kyiv Post-un yazdığına görə, bu təşəbbüs Ağ Evin son aylardakı susqunluğu fonunda irəli sürülür. Dövlət Departamenti Azərbaycan hakimiyyətinin tənqidçilərinə qarşı artan təzyiqlərlə bağlı hələlik heç bir açıqlama verməyib. İnsan haqları təşkilatları və media qurumlarının sorğuları isə cavabsız qalıb.
Adının açıqlanmasını istəməyən demokrat konqres əməkdaşı Kyiv Post-a bildirib ki, administrasiyanın reaksiyasızlığı “prosesə dolayısı şəriklik” kimi görünür.
İnsan haqları məsələləri ilə məşğul olan respublikaçı bir başqa konqres əməkdaşı isə bildirib:
“Əliyev düşünür ki, Vaşinqtonun ona ehtiyacı daha çoxdur. Administrasiyanın fəaliyyətsizliyi ciddi narahatlıq yaradır”, – məqalədə belə deyilir.