ABŞ prezidenti Donald Tramp Ukraynada həm Moskva, həm də Kiyevlə sülh danışıqlarının gedişindən məmnun olduğunu bildirib.
"Rusiya ilə danışıqlar yaxşı gedir. Ukrayna ilə hər şey qaydasındadır", - o jurnalistlərə deyib.
Tramp hesab edir ki, tərəflər ABŞ-ın münaqişənin həlli ilə bağlı təkliflərinin onların xeyrinə olduğu qənaətinə gələcəklər.
Eyni zamanda, o qeyd edib ki, bəzi məsələlər mürəkkəbdir və danışıqlar üçün xeyli vaxt tələb oluna bilər. O, misal kimi Rusiya ilə Ukrayna arasında gələcək sərhədləri göstərib.
Tramp həmçinin bəyan edib ki, Avropa ölkələri Ukraynada münaqişə bitdikdən sonra onun təhlükəsizliyinə təminatların əhəmiyyətli hissəsini öz üzərinə götürməlidir.
Münaqişə tərəflərinin liderləri ilə görüşə gəlincə, ABŞ prezidenti bildirib ki, Ukrayna nizamlanması üzrə razılaşma yekun mərhələdə olarsa, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.