İyulun 30-da Nyu-Yorkda işgüzar səfərdə olan Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyan Latviya Xarici İşlər Nazirliyinin parlament katibi Artyoms Ursulskis ilə görüşüb. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmsöhbətlər Ermənistan və Latviya arasında ikitərəfli münasibətlərdə müsbət dinamikanı məmnunluqla qeyd ediblər və ümumi maraq doğuran sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini vurğulayıblar.
ER xarici işlər nazirinin müavini həmsöhbətə “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanunun qəbulundan sonra Ermənistan hökumətinin həyata keçirdiyi tədbirləri təqdim edib, gələn il Yerevanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammiti ilə bağlı fikir mübadiləsi aparıb. Ermənistanla Şimali Avropa və Baltikyanı ölkələr arasında formatda gələcək dialoqun vacibliyi də vurğulanıb.
Tərəflər regional və beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Vahan Kostanyan həmsöhbətinə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələri təqdim edib.