Mayın 26-da Ermənistan Respublikası xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Qırğızıstan Respublikasının Ermənistan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kubaniçbek Bokontayevi (iqamətgahı Moskvada) etimadnaməsinin surətini təqdim etməsi münasibətilə qəbul edib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir müavini səfiri diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, onun Ermənistan və Qırğızıstan arasında əlaqələrin möhkəmlənməsinə və ikitərəfli gündəliyin genişləndirilməsinə mühüm töhfə verəcəyinə ümid etdiyini bildirib.
Həmsöhbətlər dövlətlərarası münasibətlərlə bağlı geniş spektrli məsələləri müzakirə edərək, müxtəlif istiqamətlərdə mövcud potensialın tam reallaşdırılması istiqamətində birgə addımların atılmasının vacibliyini vurğulayıblar.
Cari ildə xarici işlər nazirlikləri ilə qanunvericilik orqanları arasında əməkdaşlığın intensivləşməsi qarşılıqlı məmnunluqla qeyd olunub.
Mnatsakan Safaryan Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün Ermənistanın baxışını, eləcə də Ermənistan hökuməti tərəfindən hazırlanmış “Sülhün kəsişməsi” təşəbbüsünü səfir Bokontaevə təqdim edib.
Tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq hadisələrə də toxunublar.