“Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatı illik insan haqları hesabatını açıqlayıb.
Hesabatda qeyd olunur ki, 2024-2025-ci illər ərzində Azərbaycanda ifadə azadlığı, toplaşma və birləşmə hüquqları ciddi şəkildə məhdudlaşdırılıb, müstəqil vətəndaş cəmiyyəti təşkilatları bağlanıb və insan hüquqları müdafiəçiləri, jurnalistlər və digər hökumətə tənqidi yanaşan şəxslər siyasi motivli ittihamlarla həbs, ya da sürgün ediliblər.
Müstəqil insan hüquqları monitorinqi, hesabatlılıq qadağan edilib, ədalətli məhkəmə hüquqları geniş şəkildə pozulub və cinayət ədliyyə sistemi siyasi məqsədlər üçün sui-istifadə edilib.
Hesabatda həmçinin, 2024-cü ilin noyabr ayında Bakıda keçirilən COP29 iqlim dəyişikliyi konfransı ərəfəsində hökumətin müstəqil vətəndaş cəmiyyəti üzərindəki təzyiqləri artırdığı bildirilir.
Konfransda Azərbaycandan olan müstəqil səslər iştirak etməyib, çünki bir çox fəal və jurnalist ya həbsdə olub, ya da sürgündə olub. Konfransda iştirak etməyə icazə verilən az sayda şəxslər isə təzyiqlərdən qorxduqları üçün ictimaiyyət qarşısında danışmaqdan çəkiniblər.
“Amnesty International” hakimiyyətin ötən il fevralın 9-da növbədənkənar prezident seçkisinin müşahidəçilərinə də məhdudiyyətlər qoyduğunu, müşahidəçilərin bu seçkini real rəqabət olmadığına görə tənqid etdiyini bildirir.
Hökumətin həbsdə olan tənqidçilərinə adekvat tibbi xidmət göstərilmədiyi, onların səhhətinin pisləşməkdə olduğu qeyd edilir.