Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti Azərbaycan hökumətini fəaliyyətinə görə həbs edilən bütün jurnalistləri, vətəndaş cəmiyyəti fəallarını azad etməyə çağırıb.
“Hazırda Azərbaycanda onlarla insan haqları müdafiəçisi, jurnalist və vətəndaş cəmiyyəti fəalı ya öz qanuni fəaliyyətlərinə, ya da fərqli və ya tənqidi fikirlərinə görə həbsdədir. Mən Azərbaycan hakimiyyətini Anar Məmmədlini və öz fəaliyyətlərinə görə həbsdə saxlanılan bütün digər insan haqları müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal azad etməyə, onlara qarşı irəli sürülmüş cinayət ittihamlarını və bununla bağlı bütün məhdudiyyətləri, o cümlədən xaricə səyahət qadağasını aradan qaldırmağa çağırıram”՞ - deyə O’Flaherti qeyd edib.
O, bildirib ki, Azərbaycan hökuməti ifadə azadlığı, toplaşma və birləşmə azadlığı ilə bağlı qanunları Avropa Şurasının standartlarına uyğunlaşdırmalıdır. Komissar hüquq müdafiəçiləri və müstəqil media üçün təhlükəsiz və əlverişli mühitin yaradılmasının vacibliyini vurğulayıb və vəziyyəti yaxından izləməyə davam edəcəyini bildirib.