Rusiya Azərbaycan və Ermənistan arasında nizamlanmanı təşviq edən istənilən əməli addımı alqışlamağa hazırdır, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Yerevan səfərini şərh edərkən bildirib, TASS yazır.
“Sözdə deyil, əməldə olan, yüksək səslə deyil, populist deyil, real, sakit və praktiki, münasibətlərin tənzimlənməsinə, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verən hər şeyi alqışlamaq olar. Bu cür səs-küylü hərəkətlərin və bəyanatların nizamlanmaya töhfə verib-vermədiyini isə zaman göstərəcək”, - deyə Peskov bildirib.
Şənbə günü ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana səfər edib, Baş nazir Nikol Paşinyan, Ermənistan Parlamentinin sədri Alen Simonyan və digər rəsmilər ilə görüşüb.