Sentyabrın 9-da ER xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri, Qafqaz danışıqları üzrə baş məsləhətçi Filip Rikeri qəbul edib. Ararat Mirzoyan qonağı salamlayaraq ona bu məsul vəzifədə uğurlar arzulayıb.
Həmsöhbətlər regional təhlükəsizlik və sabitliklə bağlı bir sıra məsələlərə toxunub, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə Dağlıq Qarabağ problemi ilə bağlı geniş spektrli məsələlər müzakirə olunub. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın rolu vurğulanıb. ER Xİ naziri həmçinin Dağlıq Qarabağ münaqişəsinin davamlı və hərtərəfli nizamlanması kontekstində ATƏT-in Minsk Qrupunun Həmsədrlik İnstitutunun potensialından və təcrübəsindən istifadənin vacibliyini vurğulayıb.
Nazir Mirzoyan 44 günlük müharibənin yaratdığı humanitar problemlərə toxunaraq, erməni hərbi əsirlərin və digər saxlanılan şəxslərin dərhal vətənə qaytarılmasının vacibliyini, habelə Azərbaycanın nəzarəti altına keçmiş ərazilərdə erməni mədəni və dini irsinin qorunub saxlanılmasının vacibliyini qeyd edib.