İyulun 7-də Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı publisist Rafiq Tağının qətlinə dair iş üzrə qərar çıxarıb.
Hüquqşünas Xalid Ağaliyevin Turan-a verdiyi məlumata görə, Avropa məhkəməsi bu işdə Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) pozulduğunu müəyyən edib.
Qərara əsasən Azərbaycan hökuməti iddiaçıya – mərhumun xanımına 12 min avro, məhkəmə xərclərinə görə 2 min avro kompensasiya ödəməlidir.
Xatırladaq ki, publisist 19 noyabr 2011-ci il tarixində evə gedərkən bıçaqlanıb, bundan bir neçə gün sonra dünyasını dəyişib.
2006-cı ildə islam dəyərlərini şübhə altına alan və xristianlığın üstünlüyünü bəyan edən "Avropa və biz" məqaləsini dərc etdirdiyinə görə həbs olunub və üç il müddətinə azadlıqdan məhrum edilib. 2007-ci ilin dekabrında əfv aktı ilə azad edilib.
2011-ci ildə o, "İran və qlobalizmin labüdlüyü" məqaləsini dərc edib. Bundan sonra iranlı ayətullah Lənkərani Məhəmməd peyğəmbəri təhqir etdiyinə görə Rafiq Tağının öldürülməsinə fətva verib.
10 gündən sonra – noyabrın 19-da publisistə sui-qəsd edilib. Naməlum şəxs ona bıçaqla bir neçə zərbə vurub və cinayət yerindən qaçıb. Bu cinayət açılmamış qalıb.