Rusiya və Ukrayna "205-ə qarşı 205" əsir mübadiləsi həyata keçiriblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Nazirlik əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri humanitar vasitəçilik edib. Rusiya hərbçiləri Belarusdadır və orada psixoloji və tibbi yardım alırlar. Daha sonra onlar müalicə və reabilitasiya üçün Rusiyaya köçürüləcəklər.
Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın və Dövlət Sərhəd Xidmətinin hərbçilərinin Rusiya əsirliyindən qayıtdığını təsdiqləyib. "Bu, 1000-ə 1000" mübadiləsinin birinci mərhələsidir", - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, azad edilənlər arasında sıravi hərbçilər, çavuşlar və zabitlər var.
"Onların əksəriyyəti 2022-ci ildən bəri Rusiya əsirliyindədir. Onlar Ukraynanı Mariupol və Azovstalda, Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporojye, Sumı, Kiyev istiqamətlərində və Çernobıl Atom Elektrik Stansiyasında müdafiə ediblər", - deyə Ukrayna Prezidenti qeyd edib.