Ermənistanın işğal olunmuş əraziləri məsələsi birmənalı şəkildə qaldırılıb. Məsələnin delimitasiya prosesi kontekstində həll edilməli olduğu barədə qarşılıqlı anlaşma mövcuddur. “Sülh körpüsü” təşəbbüsünün üzvü Narek Minasyan bunu mətbuat konfransında Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistanda keçirilən görüşündəki müzakirələrə toxunaraq bildirib.
“Daha ətraflı demək istərdim ki, yaxın gələcəkdə iki ölkənin delimitasiya komissiyalarının iclası da planlaşdırılır.
Əvvəlki görüşün Azərbaycan ərazisində baş tutduğunu nəzərə alsaq, bu dəfə çox güman ki, Ermənistan ərazisində keçiriləcək”, - deyə o bildirib.
Xatırladaq ki, 13-14 fevral 2026-cı il tarixlərində Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masa keçirilib və bu iclasda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşüblər. Azərbaycan nümayəndə heyəti bütün müvafiq prosedurlardan keçərək quru sərhədinin delimitasiya olunmuş və işarələnmiş hissəsi vasitəsilə Ermənistana gəlib.