Cenevrədə Ukrayna üzrə məsləhətləşmələrdə iştirak edən Rusiya nümayəndə heyəti genişləndiriləcək. Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, bu, müzakirə olunacaq mövzuların dairəsinin Əbu-Dabidə əvvəlki raundlara nisbətən daha geniş olması ilə bağlıdır.
Peskov aydınlıq gətirib ki, nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Nümayəndə heyətinə həmçinin xarici işlər nazirinin müavini Mixail Qaluzin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov da daxildir.
"Bu dəfə ərazilərlə bağlı əsas məsələlər və irəli sürdüyümüz tələblər də daxil olmaqla daha geniş məsələləri müzakirə etmək niyyətindəyik. Baş danışıqçı, yəni Medinskinin burada olması artıq vacibdir", - Peskov deyib.
Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında danışıqların üçüncü raundu 17-18 fevral tarixlərində Cenevrədə keçirilməsi planlaşdırılır.