ABŞ, Ukrayna və Rusiya arasında başlayan üçtərəfli danışıqlar Əbu-Dabidə davam etdi. Müzakirələrin ilk günündə olduğu kimi, üçtərəfli məsləhətləşmələr, ardınca qrup işi keçirildi.
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev münaqişənin həllində irəliləyiş olduğunu açıqladı. Onun sözlərinə görə, Avropa və Britaniyadan bir sıra aktyorlar prosesə müdaxilə etməyə çalışırlar, lakin bu cür cəhdlər nə qədər çox olarsa, irəliləyiş bir o qədər göz qabağındadır. O, həmçinin Rusiya-Amerika iqtisadi münasibətlərinin bərpası üçün aktiv iş aparıldığını bildirdi.
Öz növbəsində, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff tərəflərin 314 əsir mübadiləsi barədə razılığa gəldiyini açıqladı.
"Bu nəticə ətraflı və effektiv olan sülh danışıqları sayəsində əldə edildi. "Hələ görüləsi əhəmiyyətli işlər olsa da, bu cür addımlar davamlı diplomatik əlaqələrin konkret nəticələr verdiyini və Ukraynadakı müharibəyə son qoymaq üçün səyləri irəlilətdiyini göstərir", - Vitkoff dedi və əlavə etdi ki, müzakirələr davam edəcək və qarşıdakı həftələrdə əlavə irəliləyiş gözlənilir.