Azərbaycan Gürcüstanın xüsusi dostudur və iki hökumət arasında olduqca dostluq münasibətləri mövcuddur. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın Birinci Kanalına verdiyi müsahibədə bildirib.
O, iki ölkə hökumətləri üçün istənilən məsələdə ortaq dil tapmağın çətin olmayacağına əminlik bildirib.
Kobaxidzenin sözlərinə görə, Tbilisi və Bakı arasında danışıqların mövzusu Azərbaycandan Gürcüstan ərazisindən tranzitlə bağlı yekun razılaşmadır.
“Azərbaycan və Ermənistan tərəflərinin maraqları bizim üçün vacibdir. Bizim də öz maraqlarımız var və inanıram ki, danışıqların nəticələrinə əsasən, hər üç ölkənin maraqlarına xidmət edəcək ən yaxşı həlli asanlıqla tapacağıq”, - deyə Kobaxidze bildirib.
Gürcüstanın Baş naziri həmçinin Cənub Qaz Dəhlizi müqaviləsinin müddətinin bitməsinə toxunaraq, bütün məsələlər üzrə danışıqların davam etdiyini qeyd edib.
“Gürcüstan tərəfi hər iki tərəf üçün faydalı olacaq sənəd imzalamağa ümid edir”, - deyə Kobaxidze vurğulayıb.