Kremlin sözçüsü Rusiya prezidenti Vladimir Putinin Moskvada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkovu qəbul edəcəyini açıqlayıb. Dmitri Peskovun sözlərinə görə, görüş gələn həftənin birinci yarısında baş tutacaq.
Bundan əvvəl Rusiya prezidentinin sözçüsü Kiyev, Vaşinqton və Avropa tərəfinin nümayəndələrinin iştirakı ilə Cenevrədə müzakirə edilən Rusiya-Ukrayna nizamlanması üzrə Amerika planının əsas parametrlərinin Moskvaya ötürüldüyünü açıqlamışdı.
Dmitri Peskovun sözlərinə görə, hamı sülh yolu ilə nizamlanma görməyə üstünlük verir. O əlavə edib ki, sülh planının bütün müddəaları, o cümlədən ərazilər məsələsi ətraflı müzakirə olunacaq, lakin Moskva bu barədə açıq danışmaq istəmir.
Vladimir Zelenski gələn həftə o və komandasının Qərb müttəfiqləri ilə görüşlər keçirəcəyini də açıqlayıb. Ukrayna prezidenti vurğulayıb ki, indi onların birliyi itirməyə və Moskvanın təxribatlarına təslim olmağa haqqı yoxdur.