Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük rəsmi səfərlə Qazaxıstanın paytaxtı Astanaya gəlib.
Onu Baş nazirin müavini Mher Qriqoryan, Xarici İşlər Naziri Ararat Mirzoyan, Ərazi İdarəetmə və İnfrastruktur Naziri Davit Xudatyan, Təhsil və Elm Naziri Janna Andreasyan müşayiət edir.
Noyabrın 21-də Ermənistanın Baş naziri Nikol Paşinyan və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş keçiriləcək.
Əvvəlcə Paşinyan və Tokayev arasında təkbətək görüş, ardınca isə hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçiriləcək.
Nikol Paşinyanın Astanaya rəsmi səfəri sənədlərin mübadiləsi ilə müşayiət olunacaq.
Paşinyan və Tokayev media nümayəndələri üçün bəyanat verəcəklər.
Nikol Paşinyanın sabah Qazaxıstanın Baş naziri Oljas Bektenovla da görüşü planlaşdırılır.
Ermənistan liderinin rəsmi səfərinin gündəliyinə Qazaxıstan Parlamentinin sədri Yerlan Koşanovla görüş də daxildir.