ABŞ Prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə beş Mərkəzi Asiya ölkəsinin liderləri ilə görüşdü.
Tramp və Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri işgüzar nahardan əvvəl Oval Ofisdə ikitərəfli görüşlər keçirdilər.
ABŞ Prezidenti beş Mərkəzi Asiya ölkəsi arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsini və ortaq əlaqələrin genişlənməsini yüksək qiymətləndirdi.
Görüş zamanı Tramp TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsinə toxundu.
“TRIPP layihəsi dünyanın iqtisadi cəhətdən əhəmiyyətli bir bölgəsindən keçən və Xəzər dənizinin o biri tərəfində ticarət fəaliyyətinin artmasına töhfə verəcək və Orta Asiya xalqlarına kömək edəcək bir marşrutdur”, - deyə Tramp bildirib.
O bu marşrutun həyata keçirilməsinin Azərbaycan və Ermənistan arasında tarixi razılaşmadan sonra mümkün olduğunu xatırladıb.
“Bu tarixi razılaşmaya yeni Tramp marşrutunun tikintisi də daxildir. Bu, möhtəşəmdir. Onlar, Azərbaycan və Ermənistan, ona mənim adımdan ad veriblər və mən bunu yüksək qiymətləndirirəm. Bu, həqiqətən də əla bir razılaşmadır, beynəlxalq sülh üçün yeni bir marşrutdur.
Bu, dünyanın iqtisadi cəhətdən əhəmiyyətli bir bölgəsindən keçən və Xəzər dənizinin o biri tərəfində ticarəti stimullaşdıracaq və Orta Asiya xalqlarına kömək edəcək bir yoldur”, - deyə ABŞ prezidenti vurğulayıb.
Tramp ümid etdiyini bildirib ki, görüşdə iştirak edən ölkələr sazişin verdiyi fürsətdən istifadə edəcək, sülh imkanlarından yararlanacaqlar.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz növbəsində Astananın Trampın sülh təşəbbüslərini, o cümlədən Yaxın Şərqin daha da inkişafına töhfə verə biləcək Beynəlxalq Sülh və Rifah üçün Tramp Təşəbbüsünü (TRIPP) dəstəklədiyini bildirib.