Böyük Britaniya Ermənistan və Azərbaycanın regionda davamlı sülh və sabitliyin təmin edilməsi üçün əsas olan sülhə doğru əldə etdiyi irəliləyişi səmimiyyətlə alqışlayır. Bu barədə Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Dauti açıqlama verib.
Qeyd olunur ki, bu tərəqqi fonunda və sülh prosesinə dəstək məqsədi ilə Böyük Britaniya hökuməti həm Ermənistan, həm də Azərbaycanla ikitərəfli münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına gəlib.
"Sülhün irəliləyişində əldə edilmiş əhəmiyyətli irəliləyişləri və Prezident Trampın Vaşinqtonda bu yaxınlarda keçirdiyi sammitin tarixi nəticələrini nəzərə alaraq, Böyük Britaniya hesab edir ki, 1992-ci ildə ATƏT-in silah embarqosunun arxasında duran əsaslar köhnəlib. Buna görə də Böyük Britaniya Ermənistan və Azərbaycana silah embarqosunu tamamilə ləğv edəcək", - bəyanatda deyilir.
Bu qərar Böyük Britaniyaya həm Ermənistan, həm də Azərbaycanla təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq etməyə, onların suverenlik və ərazi bütövlüyünü qorumaq səylərini dəstəkləməyə imkan verəcək.
"Biz həm Azərbaycanda, həm də Ermənistanda regional və daxili təhlükəsizlik vəziyyətini yaxından izləyəcəyik. Ümid edirik ki, bu, Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifahın bərqərar olması üçün əlverişli məqamdır. Böyük Britaniya islahatların dəstəklənməsində, eləcə də regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində konstruktiv və fəal rol oynamaq üçün hər iki ölkə, ABŞ, Avropa İttifaqı və digər tərəfdaşlarla işləməyə hazırdır".