İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, İran İslam Respublikası Cənubi Qafqaz regionundakı tendensiyaları yaxından izləyir və bu hadisələrlə bağlı qonşu Azərbaycan və Ermənistanla əlaqə saxlayır.
"Şübhəsiz ki, Qafqazda sülh və sabitlik regionun bütün ölkələrinin maraqlarına cavab verir. İran İslam Respublikası iki ölkə arasında sülh sazişinin mətninə düzəlişlərin edilməsini alqışlayaraq, hadisələrin bu cür inkişafını regionda davamlı sülhün əldə edilməsi yolunda mühüm addım hesab edir. Eyni zamanda, hər hansı formada xarici müdaxilənin və ümumi sərhədə yaxın müdaxilənin mənfi nəticələrindən narahatlığını ifadə edirik”, - bəyanatda deyilir.
İran Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, region ölkələrinin milli suverenliyi və ərazi bütövlüyü qarşılıqlı maraqlar çərçivəsində qorunub saxlandığı halda, regionda rabitə yolların yaradılması və rabitə şəbəkələrinin blokadadan çıxarılması region ölkələrinin sabitlik, təhlükəsizlik və iqtisadi inkişafına xidmət edəcək.