Tailand Kambocanı dünən Malayziya və ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsi pozmaqda ittiham edib. Ölkənin silahlı qüvvələrinin məlumatına görə, Kamboca qoşunları Tailandın bir neçə bölgəsini hədəfə alıb.
"Bu, atəşkəs rejiminin qəsdən pozulması və qarşılıqlı etimadı sarsıtmaq cəhdidir. Biz özümüzü müdafiə hüququmuzdan istifadə etməklə cavab verməyə məcburuq", - Tailand ordusu bildirib.
Banqkok onu da qeyd edib ki, Kamboca iyulun 29-da səhərə planlaşdırılan tərəflərin hərbi bölgələri komandirlərinin görüşünü iki dəfə təxirə salıb.
Lakin Kamboca Milli Müdafiə Nazirliyi Tailandın ittihamlarını rədd edib. Hökumət başçısı gecə yarısı atəşkəsin qüvvəyə minməsindən sonra "cəbhə xəttində vəziyyətin sabitləşdiyini" bildirdi.
Xatırladaq ki, Tailand və Kamboca sərhədinin mübahisəli hissəsində ötən həftə başlayan qarşıdurmalar azı 38 nəfərin ölümünə və 300 minə yaxın insanın didərgin düşməsinə səbəb olub.