Ermənistan Respublikası Təhlükəsizlik Şurasının Aparatı Hraparak.am saytında "Hacıyev və Armen Qriqoryan artıq sərhədi çəkiblər. Layihəyə əsasən, qarşı tərəfə daha 180 kv.km veriləcək", iyunun 11-də dərc olunmuş "Alacağımızdan az qala 6 dəfə çox ərazini təslim edəcəyik. Xəritə" və iyunun 12-də dərc olunmuş "Sərhədin delimitasiyası nəticəsində alacağımızdan daha çox təhvil verəcəyik: Xəritə 2” məqalələrində təqdim olunan məlumatları təkzib edən bəyanat yayıb.
“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi ilə bağlı bütün məsələlər Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyasının birgə işi çərçivəsində müzakirə olunur. Bir daha vurğulayırıq ki, delimitasiya prosesi ilə bağlı istənilən məsələ yalnız yuxarıda qeyd olunan komissiya çərçivəsində müzakirə olunur”, - deyə Təhlükəsizlik Şurasının Aparatının yaydığı bəyanatda deyilir.