Mayın 29-da ER Müdafiə Nazirliyinin inzibati kompleksində Ermənistan-Böyük Britaniya müdafiə məsləhətləşmələri keçirilib. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məsləhətləşmələr zamanı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, general-mayor Artur Yeroyan ER ordusunun transformasiya prosesini britaniyalı həmkarlarına təqdim edib və prioritet istiqamətlərə toxunub.
Həmçinin regional və beynəlxalq təhlükəsizlik və müdafiə sektorunda əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
Tərəflər həmçinin əvvəlki məsləhətləşmələr zamanı əldə olunmuş razılaşmaların icrasını ətraflı müzakirə edib və əməkdaşlıq proqramının icrasının nəticələrini ümumiləşdiriblər.
Hər iki tərəf bir sıra maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildiriblər.
Məsləhətləşmələrin sonunda ER Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan və Böyük Britaniya Müdafiə Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə siyasət direktoru Kristofer Key 2025-2026-cı illər üçün əməkdaşlıq proqramını imzalayıblar.