Martın 4-də Ermənistanın Fransadakı səfiri Arman Xaçatryan Fransanın daxili işlər naziri Bruno Retayo ilə görüşüb. Bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.
“Səfir Xaçatryan həmsöhbətinə Ermənistan hökumətinin regionda sülhə nail olmaq üçün göstərdiyi səyləri, “Sülhün kəsişməsi” layihəsini, eləcə də Ermənistan ətrafında baş verən son beynəlxalq hadisələri təqdim edib”.
Bruno Retayo Fransa hökumətinin və özünün hər zaman Ermənistanın yanında olmaq və dəstəkləmək öhdəliyini təsdiqləyib.
Görüş zamanı səfir Xaçatryan və nazir Retayo Ermənistan və Fransa Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın dərinləşdirilməsi, Ermənistan-Aİ viza rejiminin liberallaşdırılması dialoqu, eləcə də Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının fəaliyyəti ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər.
Tərəflər Azərbaycanda qanunsuz saxlanılan erməni hərbi əsirlərin, girovların və digər həbs edilmiş şəxslərin azad edilməsi məsələsinə də toxunublar”, - deyə məlumatda qeyd olunub.