Yeni Dehlidə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cosep Borel ilə görüşüb.
Tərəflər ER-Aİ tərəfdaşlığı gündəliyindəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Regional və beynəlxalq təhlükəsizlik məsələlərinə də toxunulub. Ararat Mirzoyan həmsöhbətinə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində baş verən son hadisələri də təqdim edib.
Azərbaycan tərəfindən Laçin dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar vəziyyətə toxunan Ararat Mirzoyan 9 noyabr 2020-ci il tarixli bəyanatın müdəalarına uyğun olaraq ilkin şərt olmadan Laçin dəhlizinin blokadasının açılmasının vacibliyini vurğulayıb.
Bu kontekstdə təcili tədbirlərin tətbiqi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də qəbul etdiyi hüquqi qüvvəyə malik olan qərarın Azərbaycan tərəfindən icrası üçün beynəlxalq ictimaiyyətin fəal iştirakına əhəmiyyət verilib.