Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistana rəsmi səfərə gələn Monteneqro Prezidenti Milo Cukanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Paytaxt Yerevanda qonaqları salamlayan Baş nazir qeyd edib: "Biz Monteneqro ilə əlaqələrə böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz əlaqələrimizin gələcək inkişafı üçün yeni təkan olacaq. Mən məmnuniyyətlə qeyd edirəm ki, əslində, paytaxtlarımız arasında çoxdan qurulmuş əlaqələr mövcuddur və 1978-ci ildə paytaxtlarımız arasında anlaşma memorandumu imzalanmışdır”.
Milo Cukanoviç də öz növbəsində bildirib: “Biz indi yeni siyasi reallıqdayıq, biz müstəqil dövlətik, hesab edirəm ki, biz bu əməkdaşlığı dərinləşdirməyə həm qarşılıqlı maraqlıyıq, həm də qadirik. Monteneqro kiçik bir ölkədir, məncə, kiçik ölkələr siyasi cəhətdən daha fəal olamalıdırlar”.
Tərəflər iqtisadiyyat, xüsusilə də informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə ediblər. Onlar işgüzar əlaqələrin, ticarət dövriyyəsinin genişləndirilməsi və birgə investisiya proqramlarının həyata keçirilməsinin asanlaşdırılması üçün səylər göstərməkdə maraqlı olduqlarını bildiriblər.
Nikol Paşinyan və Milo Cukanoviç Cənubi Qafqazda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparıb. Baş nazir Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı mövqeyini təqdim edib.
Görüşdə beynəlxalq aləmdə gedən proseslərə də toxunulub.