Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi məsələsi təşkilatın 11 noyabrda keçiriləcək sammitində müzakirə oluna bilər. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, KTMT üzvlərindən birinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərarlar təşkilatın üzv dövlətlərinin başçılarının da daxil olduğu Kollektiv Təhlükəsizlik Şurasına aiddir. Qaluzin qeyd edib ki, bu cür qərarlar KTMT Nizamnaməsinin müvafiq müddəaları əsasında qəbul edilə bilər.
"Növbəti iclas 11 noyabrda Moskvada keçiriləcək", - deyə Rusiya xarici işlər nazirinin müavini bildirib. Qaluzinin sözlərinə görə, KTMT Nizamnaməsi bütün tərəflər tərəfindən vicdanla yerinə yetirilməli olan beynəlxalq müqavilədir.
O vurğulayıb ki, Yerevanın təşkilatın işində iştirak etməməsi və KTMT büdcəsi ilə bağlı illik qərarları imzalamaması Ermənistanın təşkilatın fəaliyyətinin maliyyələşdirilməsinə milli töhfəsini vaxtında köçürmək öhdəliyini dayandırmır. Rusiya xarici işlər nazirinin müavini qeyd edib ki, beynəlxalq təşkilatların bu cür hallar üçün müvafiq prosedurları var və KTMT də istisna deyil.