ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner Dohada Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani ilə görüşdə ABŞ-ın İranla hərtərəfli razılığa gəlmək üçün danışıqları davam etdirmək niyyətində olduğunu təsdiqləyiblər.
Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Vitkoff və Kuşner əl-Tani ilə ABŞ-İran danışıqlarının gedişatını, "dialoq və diplomatiya yolu ilə regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsi səylərini", eləcə də Livanda atəşkəsi müzakirə ediblər.
Vitkoff və Kuşner çərşənbə axşamı Qətərə gəliblər. Qətər Xarici İşlər Nazirliyi daha sonra ABŞ və İran nümayəndələri arasında Dohada yüksək səviyyəli danışıqların planlaşdırılmadığını açıqlayıb.
Daha sonra "Əl-Ərəbiyyə" televiziyası Dohada ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların çərşənbə günü baş tuta biləcəyini, lakin onların dolayı yolla olacağını bildirib.