Bu gün Yerevanın Şenqavit inzibati rayonunda keçirilən kampaniya zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan canlı yayımda Baş nazir Nikol Paşinyana yaxınlaşıb qulağına nəsə pıçıldadı. Baş nazirin geyiminə bərkidilmiş səsgücləndiricidən Mirzoyanın dedikləri eşidildi: "Türklər bu gün açırlar. Xarici İşlər Nazirliyinin sözçüsü üçün salamlama mətni hazırlayaq”.
Hadisədən sonra bir jurnalist Nikol Paşinyana Ararat Mirzoyanın nə demək istədiyini soruşdu. Paşinyan aydınlaşdırdı ki, o, Türkiyədən Ermənistana mal ixracı şərtlərindəki dəyişikliyə işarə edirdi.
Onun sözlərinə görə, Türkiyə tərəfinin qanunvericilik qaydalarına əsasən, Ermənistan ölkələr siyahısına daxil edilməyib, buna görə də mallar əvvəlcə üçüncü ölkəyə ixrac kimi qeydiyyata alınıb, sonra isə Ermənistana təkrar ixrac edilib.
“Ermənistanda Türkiyə istehsalı olan bir çox mal var, yəni onlar başqa ölkəyə aparılıb, rəsmiləşdirilib, sadəcə gətirilib, indi isə bunu rəsmiləşdirirlər ki, Ermənistan çatdırılma ölkəsi kimi birbaşa göstərilsin”, - deyə Paşinyan izah edib.