Brüsseldəki Avropa Birliyi səfirləri Ermənistana mülki missiya göndərmək barədə razılığa gəliblər və bu, gələn həftə AB xarici işlər nazirlərinin görüşündə baş tutması gözlənilən yekun təsdiq üçün yol açıb.
AzadlıqRadiosu AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarından missiyanın mandatı, strukturu və müddəti ilə bağlı təklif alıb. Sənədə əsasən, missiya nazirliklərə və təhlükəsizlik qurumlarına strateji, praktik məsləhət və dəstək verməklə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirəcək.
Məsləhət siyasətin hazırlanmasına, xarici informasiya manipulyasiyasının, kiberhücumların və qanunsuz maliyyə axınlarının aşkarlanmasına və cavablandırılmasına yönələcək.
Missiya həmçinin Ermənistanda təhlükəsizlik imkanlarının inkişaf etdirilməsi üçün nəyin lazım olduğunu qiymətləndirməlidir ki, ölkə AB metodologiyalarına və standartlarına uyğun olaraq hibrid təhdidləri daha effektiv şəkildə müəyyən edə və onlara cavab verə bilsin.