Gürcüstanın xarici işlər naziri Maka Bojorişvili bildirib ki, Tbilisi ilə Vaşinqton arasında əlaqələr mövcuddur, lakin şişirdilmiş gözləntilər yaratmaq məqsədəuyğun deyil.
Onun sözlərinə görə, Gürcüstan məsləhətləşmələrə açıqdır və qarşılıqlı hörmət və bərabərliyə əsaslanan strateji tərəfdaşlığa qayıtmaq üçün münasibətlərin yenidən nəzərdən keçirilməsini gözləyir. Nazir mövcud problemlərə görə Co Bayden administrasiyasını günahlandırıb.
Bojorişvili həmçinin ABŞ-ın Gürcüstanın qonşuları ilə münasibətlərinə toxunub. Onun sözlərinə görə, ABŞ-ın vitse-prezidenti C.D. Vensin Ermənistan və Azərbaycana səfəri prezident Donald Trampın sülhün bərqərar olmasına əhəmiyyət verməsi ilə şərtləndirilib. Bojorişvili qeyd edib ki, Gürcüstan bu prosesi müsbət qiymətləndirir və ona öz töhfəsini verir.
Gürcüstanın xarici işlər naziri həmçinin Gürcüstanın regional proseslərdən kənarda qala biləcəyi ilə bağlı iddialardan da danışıb.
“Gürcüstanın rolunu qiymətləndirməmək mümkün deyil. Heç kim alternativ marşrutların mövcudluğunu istisna etmir və bunda heç bir problem yoxdur, amma Gürcüstanın adını çəkməmək ağlasığmazdır. Gürcüstan dənizə çıxışı olan yeganə ölkədir və təkcə bu kifayətdir”, - Bojorişvili qeyd edib.