Ermənistan və Azərbaycan liderləri mənim dostlarım oldular. Bunu ABŞ prezidenti Donald Tramp Davosda Sülh Şurasının nizamnaməsinin imzalanması mərasimində bildirib.
"Onlar mənim dostlarımdır. Sülh Şurasının hər bir üzvü mənim dostumdur. Adətən bəyənmədiyim bir neçə nəfər olur. Amma bu dəfə yox. Əslində bütün bu qrupu bəyənirəm", - Tramp əlavə edib.
Tramp yeni yaradılmış Sülh Şurasının Birləşmiş Millətlər Təşkilatı ilə tərəfdaşlıq şəraitində işləməsini istədiyini bildirib. Eyni zamanda, o, BMT-ni qlobal gözləntiləri qarşılamadığına görə tənqid edib.
"Mən həmişə demişəm ki, BMT-nin böyük potensialı var. O, hələ ki, bu potensialdan istifadə etməyib, amma çox böyükdür", - deyə Ağ Ev rəhbəri əlavə edib.
İrana toxunan Tramp qeyd edib ki, yay ərzində ölkəyə qarşı hərbi əməliyyatlar İslam Respublikasının nüvə imkanlarını tamamilə məhv edib.
ABŞ prezidenti vurğulayıb ki, "İran danışıqlara hazırdır və aparacaq".
O bildirib ki, bir çox müsbət irəliləyişlər baş verir və Avropa, ABŞ və Yaxın Şərq üçün təhdidlər həqiqətən azalır.