Tayland silahlı qüvvələri sərhədin müxtəlif yerlərində Kamboca əsgərləri ilə döyüşür. Bu barədə Qərb mətbuatı məlumat yayıb. Döyüşlər sərhədin Tailand körfəzinə bitişik qərb hissəsində, eləcə də şərqdə, Laosla sərhədə yaxın ərazidə baş verib.
Taylandın məlumatına görə, Kamboca Qrad sistemlərindən, həmçinin pilotsuz təyyarələrdən və tanklardan istifadə edib. Kamboca da öz növbəsində Tailand tərəfinin öz ərazisinə pilotsuz təyyarələr, artilleriya və minaatanlarla zərbələr endirdiyini açıqlayıb.
Dekabrın 8-də Tayland-Kamboca sərhədində döyüşlər yenidən başlayıb. Tərəflər bir-birini yayda əldə olunmuş atəşkəsi pozmaqda ittiham ediblər.
Bu ilin iyulunda iki ölkə arasında baş verən qarşıdurma nəticəsində 48 nəfər həlak olub, 300 min nəfər isə didərgin düşüb. Həmin vaxt ABŞ tərəfləri danışıqlara sövq etməyi bacardı. Lakin noyabr ayında Tayland bir Tayland əsgərinin kambocalıların yerləşdirdiyi minaya düşməsindən sonra deeskalasiya tədbirlərini dayandırmışdı. Kamboca ittihamı rədd edib.
Dekabrın 9-da ABŞ prezidenti Donald Tramp Tayland və Kamboca arasında silahlı münaqişəyə son qoymaq üçün hər cür səy göstərəcəyini vəd edib.