Aİ-nin aviasiya qara siyahısının çıxarılmasına yönəlmiş bütün əsas işləri Ermənistan görüb, çatışmazlıqlar aradan qaldırılıb. “Armenpress”in sorğusuna cavab olaraq bunu Ermənistanın Mülki Aviasiya Komitəsi Avropa İttifaqının genişlənmə siyasəti üzrə ali komissarı Marta Kosun Ermənistanın Aİ-nin aviasiya qara siyahısında olması ilə bağlı şərhinə istinadən bildirib.
"Sentyabrın əvvəlində Aİ Ermənistana qiymətləndirmə səfəri həyata keçirdi. Həmin səfər zamanı qeydə alınan çatışmazlıqlar yalnız texniki xarakter daşıyır, uçuşların təhlükəsizliyinə birbaşa təsir göstərmir. Səfər zamanı onlar Ermənistanın iki aviaşirkətinə baş çəkiblər və orada da bəzi nöqsanlar qeydə alınıb ki, bu da yenə texniki xarakter daşıyır, uçuşların təhlükəsizliyinə təsir göstərmir. Üstəlik, bu nöqsanlar aviaşirkətlər tərəfindən bu müddət ərzində aradan qaldırılıb.
Ermənistan Mülki Aviasiya Komitəsi iki həftə əvvəl Brüsseldə bütün işlərini kifayət qədər ətraflı şəkildə təqdim etdi. Deyə bilərik ki, bütün əsas çatışmazlıqlar aradan qaldırılıb və uzunmüddətli iş tələb edən məsələlər, əlbəttə ki, davam etdirilir. Bundan əlavə, əlavə etməliyik ki, düzəldici fəaliyyət planı əvvəlcədən Aİ tərəfdaşlarına göndərilib və bu, Brüsseldə keçirilən görüş zamanı da müzakirə olunub”, - komitənin cavabında deyilir.
Aİ-nin genişlənmə siyasəti üzrə ali komissarı Marta Kos bəyan edib ki, Ermənistanın Aİ-nin aviasiya qara siyahısına salınması siyasi deyil, texniki prosesdir.
"Ermənistanın görməli olduğu bəzi işlər var və biz Ermənistanın Mülki Aviasiya Komitəsi ilə əlaqə saxlayırıq. Görülməli olan hər şey edilmədiyinə görə hələ ki, qərar verilməyib. Ona görə də bir daha deyim ki, bu, texniki prosesdir, bunun siyasi münasibətlərlə heç bir əlaqəsi yoxdur, biz sadəcə əmin olmaq istəyirik ki, təhlükəsizlik baxımından hər şey qaydasında olacaq və buna görə də biz Tvinninq prosesində xüsusi yardım təklif etmişik və bu, sonradan maliyyələşdiriləcək. Bu, üzv dövlətlərimizin bu sahədə təcrübəsi olan ekspertlərinin bu məsələdə hökumətinizə kömək etdiyi xüsusi alətdir”, - deyə Marta Kos bildirib.