Bu gün müxtəlif mövzularda çox yaxşı müzakirələrimiz oldu. Aİ-Ermənistan əməkdaşlığı yaxşılaşır. Bu gün biz yeni strateji gündəliyi qəbul etdik. Bu, Aİ-Ermənistan tərəfdaşlığının bir çox başqa sahələrdə işləməsi üçün ümumi ambisiyadır. Bunu Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Aİ-nin genişlənmə üzrə komissarı Marta Kosun iştirakı ilə keçirilən birgə mətbuat konfransında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas deyib.
"Biz sizin islahatlarınızı dəstəkləyirik və bu islahatlar həm də Ermənistanın iqtisadiyyatının şaxələndirilməsinə yönəlib. Viza rejiminin liberallaşdırılması və təhlükəsizlik sahəsində də əməkdaşlıq edəcəyik. Dekabrda 27 xarici işlər naziri ilə görüşümüz olacaq və mən Sizi həmin görüşə dəvət edirəm. Ermənistanın dözümlülüyü və seçkilərlə bağlı məsələlər barədə danışacağıq.
Bir sözlə, 2025-ci il Aİ-Ermənistan münasibətləri üçün, 2025-ci il ölkəniz, sizin üçün mühüm il oldu.
Ermənistanla Azərbaycan arasında avqustda başlayan razılaşmalar çox vacibdir, onlar illərdir davam edən münaqişəyə son qoydu. Bu məsələdə Aİ-nin dəstəyi var. Aİ sizə dəstək olmaq üçün hər şeyi edəcək.
Bu gün mən 15 milyon avro barədə elan edirəm ki, bu da sülhə və daha möhkəm Ermənistana yönəldiləcək. Bir sıra təşəbbüslər həyata keçiriləcək, o cümlədən minalardan təmizləmə təlimi, avadanlıqlar təmin ediləcək.
Ermənistanın qarşısında başqa problemlər də var. Rusiya və onun müvəkkilləri Ermənistanda parlament seçkiləri ərəfəsində dezinformasiya kampaniyaları aparır. Biz Moldovada istifadə olunan şəbəkələrin eynisini görürük, Moldovada çox fəal olublar. Başqa sözlə, ssenari eynidir. Aİ-nin maliyyələşdirməsi xarici təsirləri müəyyənləşdirməyə və onlara cavab verməyə kömək edəcək”.