Sentyabrın 29-dan oktyabrın 11-dək ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin komandası Ermənistan Sərhəd Qoşunları ilə birgə işləyəcək. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin Facebook səhifəsində deyilir.
"Biz Ermənistandakı ABŞ Gömrük və Sərhəd Mühafizəsi üzrə tərəfdaşlarımızı salamlayırıq. Sentyabrın 29-dan oktyabrın 11-dək ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin komandası Ermənistan Sərhəd Mühafizə Qüvvələri ilə birlikdə potensialın qiymətləndirilməsini aparacaq və "Boşluq/Fürsətlərin Təhlili Prosesi" vasitəsilə təkmilləşdirilməli olan sahələri müəyyənləşdirəcək. Başqa yerlərdə uğurla tətbiq edilən bu analitik metodologiya strateji investisiyalar tələb edən sahələri aydınlaşdırmaqla sərhəd təhlükəsizliyini gücləndirməyə kömək edəcək.
Biz 8 avqustda Ağ Evdə prezident Tramp və baş nazir Paşinyan arasında memorandum imzalanan “Sülhün kəsişməsi” potensialının inkişafı sahəsində tərəfdaşlığımızın həyata keçirilməsi istiqamətində atılan bu ilk addımı dəstəkləməkdən qürur duyuruq”, - deyə məlumatda qeyd olunur.