Sentyabrın 10-da Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorg Papoyan İran İslam Respublikasının neft nazirinin müavini Məhəmməd Sadiq Əzimifəri qəbul edib. Nazir bu barədə sosial şəbəkədəki səhifəsində məlumat verib.
Görüşdə İran İslam Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani, nazir müavinləri Narek Hovakimyan və Edqar Zakaryan, həmçinin Ermənistan Respublikasının İran İslam Respublikasındakı ticarət attaşesi Hayk Nazaryan da iştirak ediblər.
Qonağı salamlayan nazir Ermənistan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi sahədə qurulmuş sıx tərəfdaşlığın inkişafının vacibliyini vurğulayıb.
“Mən qeyd etdim ki, Ermənistan ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verməklə yanaşı, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq üçün əsas ola biləcək yüksək keyfiyyətli və rəqabətədavamlı qiymətə malik İran maye qazında maraqlıdır.
Gələcək əməkdaşlıq imkanları, o cümlədən neft və neft məhsulları ticarətinin genişləndirilməsi, mayeləşdirilmiş və təbii qaz təchizatı infrastrukturunun inkişafı, enerji sektoruna birgə investisiyalar, regional nəqliyyat və logistika qovşaqlarından (“Şimal-Cənub”, “Sülhün kəsişməsi”) səmərəli istifadəsi müzakirə edilib”, - nazir yazıb.