Avqustun 21-də ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında telefon danışığı olub. Bu barədə ER Təhlükəsizlik Şurasının ofisindən məlumat verilib.
Armen Qriqoryan avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində əldə olunmuş razılaşmaları həmsöhbətə təqdim edib və əmin olduğunu bildirib ki, bu gün regionda bütün region ölkələrinin maraqlarına cavab verən sülh artıq bərqərar olub.
Qriqoryan regionun kommunikasiya yollarının blokdan çıxarılması və bunun nəticəsində təmin olunacaq iqtisadi imkanlardan da danışıb, onların bütün ölkələrin maraqları baxımından əhəmiyyətini vurğulayıb.
Sergey Şoyqu da öz növbəsində Rusiya prezidenti V.Putin və ABŞ prezidenti D.Tramp arasında Alyaskada keçirilmiş görüşün nəticələrini və bundan sonrakı fəaliyyət istiqamətini təqdim edib.
Telefon danışığı zamanı həmsöhbətlər ER-RF gündəliyi ilə bağlı məsələləri də müzakirə ediblər.